Cemina | Frensis Skott Fitsgerald

Frensis Skott FitsgeraldBu parça heç də “Ədəbiyyat” sayılmağa iddialı deyil. Bu, sadəcə, bir hekayə istəyib “psixoloji” ya da “analiz” xarakterli qarmaqarışıq bir şeydən imtina edən qanı qaynayan cavanlar üçün bir nağıldır. Sizin xoşunuza gələcək! Onu buradaca oxuyun, filmlərdə izləyin, fotosunu çəkin, ya da tikiş maşınından keçirin. 

Qəribəlik
Kentukki dağlarına gecə düşmüşdü. Hər tərəf sərt qayalıq idi. İti dağ çayları dağın hər tərəfindən axırdı. Axının aşağı hissəsində Cemina Tentram ailəvi şərab zavodunda viski hazırlayırdı. O, tipik dağ qızıydı. Ayaqyalın idi. İri və güclü əlləri dizlərinədək sallanırdı. İllərlə görülən işlər onun üz cizgilərində öz izini buraxmışdı. Cəmi on altı yaşı olmasına baxmayaraq, yaşlı ana-atasına artıq bir neçə illərdir ki, kömək edir, viski hazırlayırdı. Vaxtaşırı da, işini saxlayıb düzəltdiyi viskidən bir fincan doldurub içir, sonra da işinə daha böyük enerji ilə davam edirdi. O, çovdarı iri çənə doldurur, sonra onu ayaqları ilə o ki var tapdayır, hazır məhsul sonra da istehsala gedirdi. Qəfil səs Ceminaya əlindəki fincanı içməyə mane oldu. O, başını yuxarı qaldırdı. 

− Salam, − səs dedi. Bu səs birdən-birə ortaya çıxan, ov çəkmələri az qala boğazınadək olan bir kişidən gəlirdi. 
− Mənə Tentramların daxmasının yerini göstərə bilərsən?
− Sən aşağıdakı qəsəbələrdən gəlmisən?

Qız əlini aşağıya, Luisvillin yerləşdiyi tərəfə uzatdı. O, heç vaxt orada olmamışdı. Amma bir dəfə, hələ Cemina doğulmamışdan öncə, onun ulu babası olan qoca Qor Tentram iki marşalın müşaiyəti ilə həmin qəsəbələrə enmiş və bir daha geri dönməmişdi. Ona görə də Tantramlar sivilizasiyaya olan qorxu hisslərini nəsildən nəsilə ötürürdülər.
Kişi xoş təəccüb içindəydi. O, filadelfiyalılara məxsus cingiltili bir səslə güldü. Onun gülüşündəki hansısa bir səs qızı həyəcanlandırdı. Cemina bir fincan da viski içdi. 

− Bəs cənab Tentram hardadır, qızcığaz?

Cemina ayağını qaldırıb ayağının baş barmağı ilə meşəyə doğru işartə etdi:

− Bax o palıdların arxasındakı daxmada yaşayır. Qoca Tentram mənim atamdır.

Qəsəbədən gəlmiş kişi ona minnətdarlıq edib çıxıb getdi. O, enerji və gənclik hissiyyatı ilə dolu olan biriydi. Ceminadan uzaqlaşdıqca kişi fit çalır və mahnı oxuyur, salto və dombalaq aşır, dağların təmiz və sərin havasını içinə çəkirdi. Ətrafdakı hava hələ də şərab kimiydi. Cemina Tentram çıxıb gedən kişinin arxasınca baxırdı. Onun rastına belə bir insan indiyədək çıxmamışdı. O, otun üstündə oturub ayaq barmaqlarını saymağa başladı. On bir ədəd saydı. Riyaziyyatı dağ məktəbində öyrənmişdi. 

Dağlı düşmənlər
On il əvvəl qəsəbədən olan bir ledi dağda məktəb açmışdı. Ceminanın pulu yox idi, ona görə də o, məktəbə getməyinin əvəzini hər səhər bir vedrə viskini Miss Lafarjın partasının üstünə qoymaqla ödəyirdi. Miss Lafarj bir il sonra çoxlu içki qəbul etdiyindən sayıqlama və qarabasmadan öldü. Cemina təhsilini dayandırmalı oldu. 

Axının qarşı tərəfində başqa bir şərab zavodu vardı. O, Doldramlara məxsus idi. Tentramlarla Doldramlar arasında gediş-gəliş yox idi. Onlar bir-birinə nifrət edirdilər. Əlli il öncə qoca Cem Doldramla qoca Cem Tentram kart oyunu üstündə Tentramların daxması önündə dalaşmışdılar. Cem Doldram ürək kralı Cem Tentramın sifətinə çırpmışdı, intiqam hissi ilə coşub daşan Cem Tentram da kərpic doqquzluqla qoca Doldramı yerə yıxmışdı. Digər Tentramlarla Doldramlar da davaya qoşulmuşdular, ona görə də bir an sonra daxma uçan kartlara qərq olmuşdu. Doldramların kiçiyi olan Herstram Doldram yerdə qalıb dəhşətli əzab içində qovrulurdu, çünki ürək tuz boğazına girmişdi. Qapının kandarında dayanan Cem Tentram isə kartları dalbadal tullayır, sifəti qəddar nifrətlə parlayırdı. Qoca Meppi Tentram isə masanın üstünə çıxıb ordan qaynar viskini Doldramların başına tökürdü. Qoca Hek Doldram isə kozırı əlinə verilmiş oyunçutək daxmadan çıxarıldı və əlində tütün kisəsi sağa-sola qaçıb öz ailəsini başına toplamağa başladı. Sonra onlar nərdivanları pəncərələrə söykəyib evdən çıxdılar və öz evlərinə qaçdılar. Elə həmin gecə qoca Doldram və onun intiqam hissilə alışıb yanan oğulları geri qayıdıb Tentramların pəncərələrini qırdılar və qapının zənginə mismar basdılar, sonra da qaçıb getdilər.  Bir həftə sonra Tentramlar Doldramların şərab zavodunda viskiyə balıq yağı qatdılar, beləliklə, bu düşmənçilik ildən ilə davam etdirildi. 

Sevginin doğuluşu
Balaca Cemina hər gün axının bu tərəfində öz viskisini hazırlayır, axının digər tərəfində isə Bosko Doldram eyni işi görürdü.  Bəzən nəsildən nəsilə ötürülmüş nifrət özünü biruzə verir və hər ikisi bir-birinə viski tullayırdılar, Cemina həmin günlər fransız konservlərinin qoxusunu verirdi. Amma indi Cemina o qədər fikrə dalmışdı ki, heç çayın o üzünə baxmaq yadına da düşmürdü. 
Qərib adam necə də yaraşıqlı idi, özü də necə qəribə tərzdə geyinmişdi! Cemina elə məsum bir varlıq idi ki, başqa sivil qəsəbələrin mövcüdluğu onun ağlına da gəlmirdi və dağ adamlarının həmin qəsəbələrin mövcudluğuna olan inamlarını onların sadəlövhlükləri ilə əlaqələndirirdi. 
Cemina üzünü çevirib öz evinə tərəf yönəldi, amma o dönən kimi boynuna nə isə dəydi. Bu, Bosko Doldramın ona atdığı, viskidə isladılmış süngər idi. 

− Sənsən, Bosko Doldram? – özünün qalın səsi ilə Cemina qışqırdı.

− Bəs necə, Cemina Tentram! Səni yaxşıca islatdım! – o cavab verdi.

Cemina yoluna davam etdi. Qərib adam onun atası ilə söhbət edirdi. Tentramların torpaqlarında qızıl yataqları aşkar olunmuşdu, ona görə də qərib adam – Edqar Edison onların torpaqlarını su qiymətinə almağa çalışırdı. Cemina əllərinin üstünə oturub ona baxmağa başladı. O əla idi. O, danışanda dodaqları tərpənirdi. Cemina qaz sobasının üstünə oturub onu müşahidə etməyə başladı. Qəflətən damarda qanı donduran bir çığırtı səsi gəldi. Tentramlar pəncərələrə sarı qaçdılar. Bu Doldramlar idi. Onlar nərdivanlarla ağaclara dırmaşıb yarpaqlarla güllərin arasında gözəgörünməz olmuşdular, oradan da daş və taxta parçalarını pəncərələrə yağdırmağa başladılar. 

− Ata! Ata! – Cemina qorxudan bağırmağa başladı. 

Atası həmin vaxt divardan asılmış sapandı götürdü və əlini onun plastik tutacağına nəvazişlə çəkdi. Sonra isə bacaya tərəf addım atdı. Qoca Mappy Tentram isə kömür yığımına sarı addım atdı. 

Dağ döyüşü
Qərib adam, axır ki, yerindən tərpəndi. Doldramların dərsini vermək istədiyindən o, evdən çıxmaq üçün bacaya dırmaşmağı düşündü. Sonra isə ağlına gəldi ki, çarpayının altında qapı ola bilər, lakin Cemina onun yanıldığını söylədi. O, çarpayıların da, divanın da altında qapı axtarırdı, amma hər dəfəsində Cemina onu oralardan dartıb çıxararaq qapının olmadığını deyirdi. Çarəsizlikdən və onu dolduran qəzəbdən o, daxmanın qapısını döyəcləməyə və Doldramlara bağırmağa başladı. Onlar ona cavab vermədilər, lakin taxta parçaları və daşlardan ibarət gülləboran hələ də davam edirdi. Qoca Tentram bilirdi ki, Doldramlar bacadan gələn cavabları susduran kimi daxmaya doluşacaqdılar, bununla da, döyüş bitəcəkdi. Sonra isə ağzının yanları tüpürcəklənən və bəlğəmini hara gəldi tüpürən qoca Hek Doldram hücüma başladı. 

Ata Tentramın qorxunc sapand atəşləri də öz gücünü göstərirdi. Ustalıqla edilmiş bir atəş əvvəlcə bir Doldramı sıradan çıxardı, digəri isə qarın nahiyəsindən çoxlu sayda vurulduğuna görə güclə döyüşməyə davam edirdi. Amm onlar evə daha da yaxınlaşırdılar. 

− Biz burdan qaçmalıyıq, − qərib adam Ceminaya qışqırdı.
– Mən öz canımı fəda edərəm, ancaq səni xilas edəcəyəm. 
− Xeyr, − bağıran Ata Tentramın sifəti qapqara idi. – Sən burda qalıb işə yarayacaqsan, Ceminanı da, Mappini də, özümü də mən özüm xilas edəcəm.

Qəsəbədən olan kişi qəzəbli halda Hem Tentrama sarı döndü. O, isə həmin vaxt qapının ağzında dayanıb daha da irəliyə gələn Doldramlara bir-birinin ardınca kömür parçaları atırdı. 
− Qaçmağımıza kömək edərsən? 
Hem Tentram da ailəsinə kömək etməli olduğunu, lakin qərib adamın xilas yolunu bildiyi təqdirdə, ona kömək edəcəyini dedi. 
İndi də döşəmənin taxtaları və tavandan içəriyə tüstü dolmağa başladı. Bacadan qırağa əyilən Capet Tentramın sinəsinə Şem Doldram alışqanı yaxınlaşdırdı və spirtli alov ətrafa yayılmağa başladı. Böyük çəndəki viskini də alov bürüdü. Divarlar daxmanın içərisinə doğru aşmağa başladı. Cemina ilə qəsəbəli kişi bir-birinin üzünə baxdılar. 

− Cemina, − o pıçıldadı. 
− Qərib adam, − Cemina cavab verdi. 
− Biz birlikdə öləcəyik, − o dedi.
– Əgər sağ qala bilsəydik, o zaman mən səni özümlə şəhərə aparar və səninlə evlənərdim. Sənin likör düzəltmə bacarığın sənə uğur qazandıracaqdı. 

Cemina onu bir anlıq sığalladı, özü də həmin vaxt ağlında ayaq barmaqlarını saydı. Duman qatılaşmağa başladı. Ceminanın sol ayağı yanırdı. O, spirtlə işləyən fənərə bənzər bir insan idi. Onların dodaqları bir-birinə toxunaraq uzun müddət öpüşdü, sonra isə daxmanın divarı yıxılaraq onların üstünə düşdü və onlar məhv oldular. 

Bir nəfərinki kimi
Doldramlar alovdan keçərək içəri daxil olanda onların elə əzildikləri yerdəcə öldüklərini və bir-birini qucaqlamış şəkildə olduqlarını gördü. Qoca Cem Doldram bundan çox təsirləndi. Papağını başından çıxardı. Onu viski ilə doldurdu və içdi. 
− Onlar ölüb, − o aramla dedi, − bir-birininə sarılmış vəziyyətdə. Düşmənçilik artıq bitdi. Biz onları bir-birindən ayırmamalıyıq.
Beləliklə, Doldramlar onların ikisini bir yerdə çaya atdılar və onlar suya düşərkən əmələ gələn şappıltı bir nəfərinki kimi idi. 

İngiliscədən tərcümə: Svetlana Quliyeva
 

0 şərh